Rəsmi qurumlar vəd verir: Çox çəkməz, vətəndaşları sevindirərik

Digital Marketinq

Bloqlar

Rəsmi qurumlar vəd verir: Çox çəkməz, vətəndaşları sevindirərik

COVID-19 pandemiyasının bütün dünyada olduğu kimi, Azərbaycanda da sürətlə yayılması bir çox sahələrə təsirini göstərdi. Virusun qarşısının alınması məqsədi ilə ölkədə ciddi karantin rejiminin tətbiq edilməsi bir çox şirkətləri və dövlət qurumlarını onlayn işləməyə məcbur etdi. Hətta, Təhsil Nazirliyi belə, onlayn təhsil sisteminə keçmək qərarı verdi. Karantin qaydalarına görə evdən çıxmaq qadağan olduğu üçün, vətəndaşlar bir çox ödənişlərini də onlayn ödəməli oldular.

AYNA-nın əməkdaşı bir neçə gün öncə sosial şəbəkələrdə sorğu keçirərək vətəndaşlardan onlayn ödənişlərdən nə dərəcədə razı qaldıqlarını və hansı sahələrin də onlayn ödənişə keçməsini istədiklərini soruşub. Sorğu nəticəsində məlum olub ki, vətəndaşların əksəriyyəti onlayn ödənişlərdən razıdır. Bir qisim vətəndaş isə ən çox “BakıKart”ın və Dəmir Yollarının onlayn ödənişə keçməsini arzulayırlar. Həmçinin, bağlanan banklara olan kredit borclarını da saatlarla sıra gözləmədən onlayn ödəmək istəyən vətəndaşlar da az deyil.

Bu dəfə məsələyə mütəxəssislərin münasibətini öyrəndik. Elektron Hökumətin İnkişafı Mərkəzinin şöbə müdiri Sevinc İsrafilova deyib ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabelyində fəaliyyət göstərən Elektron Hökumətin İnkişaf Mərkəzi tərəfindən dəstəklənən ASAN Ödəniş Sistemində 230-dan çox xidmət üzrə ödəniş aparmaq imkanı yaradılıb: “Ödəyicilər rüsum, cərimə, kredit, internet, rabitə, ianə, məhkəmə, vergi, gömrük və s. xidmətlər üzrə ödənişləri onlayn qaydada apara bilərlər. ASAN Ödəniş Sisteminin əhatə dairəsi mütəmadi olaraq yenilənir. Bu yenilənmə daha çox əhali tərəfindən kütləvi şəkildə istifadə edilən ödənişlərə aid edilir”.

“Eyni zamanda, bildirmək istərdim ki, vətəndaşlara bağlanan banklar üzrə ödənişlərin ASAN Ödəniş Sistemi vasitəsilə ödənilməsi imkanı yaradılıb. Ödəyicilər Əmənətlərin Sığortalanması Fondunu seçərək, onlara verilən istifadəçi kodunu daxil etməklə ödəniş edə bilərlər”, – müsahibimiz bildirib.

Sevinc əlavə edib ki, yaxın gələcəkdə təhsil ödənişlərini də onlayn şəkildə ödəmək olacaq: “Digər qeyd edilən sahələr üzrə, yəni “Azərbaycan Dəmir Yolları” QSC və “BakıKart” üzrə danışıqlar aparılır və proseslər davam etdirilir. Onu da qeyd edim ki, yaxın vaxtlarda artıq tələbələrin təhsil haqlarını onlayın ödəmələri mümkün olacaq”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə “BakıKart”ın onlayn ödənişə keçməsi məsələsinə aydınlıq gətirib: “Bu məsələ hələ ötən ildən gündəmdədir. “BakıKart”ın onlayn ödənişə keçməsindən öncə bütün marşrut xətləri “BakıKart”a keçməli idi. Biz bunu sürətlə həyata keçirməyə başladıq. Hər həftəyə iki marşrut xətti “BakıKart”a keçirilirdi. Təəssüflər olsun ki, hal-hazırda pandemiyaya görə bizdən asılı olmayan səbəblərdən işlərdə axsama var”.

“Amma biz dayanmırıq və yenə də daşıyıcıları kart sisteminə keçiririk. “BakıKart”ın onlayn sistemə keçməsi üçün işlərimiz başlamışdı. Bəzi xarici əməkdaşlar öz ölkələrinə getmişdi, indi pandemiyaya görə qayıda bilmirlər, burada da bəzi məsələlər ləngiyir deyə, hələlik onlayn ödənişin tam hazırlanması gecikir. Amma özümüz də bu məsələdə tələsirik. Pandemiya vaxtı onlayn ödənişin nə qədər zəruri olduğunu biz də yaxşı bilirik. Tam sürətlə bu məsələnin həllinə çalışırıq. Pandemiya ilə əlaqədar olaraq vaxt deyə bilmirik. Amma qısa bir zamanda sərnişinləri sevindirəcəyimizə əminəm”, – BNA sözçüsü vurğulayıb.

Dəmir yolu məsələsinə gəldikdə, “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natavan Bayramova sorğumuza cavab verib: “Bilet satışının daha da təkmilləşdirilməsi üzərində hal-hazırda iş gedir, hətta yaxın gələcəkdə mobil tətbiqlərin də olması nəzərdə tutulub. Yaxın zamanlarda kart sahibləri biletlərini daha rahat şəkildə ala biləcəklər. Belə ki, tezliklə Abşeron dairəsi üzrə, daha dəqiq desək, Bakı-Sumqayıt qatarlarına bilet satışında bu pilot layihə tətbiq ediləcək və nəticədən asılı olaraq gələcəkdə digər istiqamətlərdə də bu layihənin tətbiqi nəzərdə tutulub”.

Təranə Xudabaxşiyeva

Mənbə: https://ayna.az/news/13968

Continue Reading
Bunlar da maraqlı ola bilər...

Bloqlar

Çox baxılanlar

PR haqqında məlumatınız var? Live

  • Məlumatım var
    56% 9 / 16
  • Məlumatım yoxdur
    6% 1 / 16
  • PR Marketinqin bir hissəsidir
    18% 3 / 16
  • PR reklamdır
    6% 1 / 16
  • PR sahəsində çalışıram
    12% 2 / 16
To Top